Haqqımızda

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə təsis edilib.

“Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Fransız Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46° şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Peyk ABŞ-ın“Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunub.

“Azerspace-1” peykinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı əldə edə bilir. Şirkət “Azerspace-1” peyki vasitəsilə öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və məlumatların ötürülməsi xidmətlərini təqdim edir.

“Azerspace-1” peyki Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən artıq ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir.

“Azərkosmos” 2014-cü ildə dekabr ayından etibarən Azərbaycan və Fransa arasındakı strateji əməkdaşlıq çərçivəsində imzalanan müqaviləyə əsasən Azərbaycanın sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykini təhvil aldı. Bununla da “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başladı.

Peyk xidmətlərinin etibarlılığını və rəqabətliliyini təmin etmək məqsədilə ikinci telekommunikasiya peyki - “Azerspace-2“nin 2018-ci ilin əvvəlində orbitə buraxılması planlaşdırılır.

Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” ASC yaradılmasından ötən dövr ərzində ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib. Şirkətin resursları ona müasir infrastruktur əsasında yeni yaranan texnologiyaların tətbiqinə, bununla da yerüstü rabitə şəbəklərinin əhatə dairəsinə düşməyən ərazilərdə peyk əsaslı xidmətlərdən istifadə edilə bilməsi üçün əlavə dəyər yaratmağa imkan verir.

“Azərkosmos” ASC Bureau Veritas tərəfindən 2013-cü ilin yanvar ayında ISO 9001:2008 uyğunluq sertifikatına və 2017-ci ildə ISO 27001 – İnformasiya Təhlükəsizliyi Standartı sertifikatına layiq görülüb.