Tarix

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə informasiya texnologiya­larının inkişafına xüsusi önəm verməsi və bu sahəyə göstərdiyi diqqət və qayğı ölkədə kosmik sənayenin yaradılması və sonrakı inkişaf yollarının müəyyənləşdirilməsi işinə güclü təkan verdi. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda cənab Prezidentin “Azərbaycan Respublikasında yeni və ən texnoloji sənaye sahəsi olan kosmik sənayenin yaradılması və süni telekommunikasiya peykinin orbitə çıxarılması” barədə verdiyi tapşırıq əsasında konkret fəaliyyət proqramının müəyyənləşdirilməsi istiqamətində işlərin görülməsinə başlandı. Ölkə iqtisadiyyatının şaxələndirilməsi və İKT-nin neft-qaz sənayesindən sonra iqtisadiyyatin ikinci mühüm sahəsi elan edilməsinə dair dövlət siyasəti çərçivəsində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bu şərəfli vəzifənin həyata keçirilməsinə başlanıldı. Bununla da ölkəmizdə çağdaş kosmik sahənin əsas tarixi inkişaf yolunun əsası qoyuldu.

Azərbaycanın ilk kosmik peyki layihəsinin gerçəkləşdirilməsi məqsədilə orbital mövqe əldə etmək üçün ilk olaraq Beynəlxalq Telekommunikasiya İttifaqina müraciət olundu. Buna paralel olaraq, 2009-cu ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalandı. Bunun ardınca, 2010-cu ilin may ayında Azərkosmos ilə Malayziyanın peyk operatoru olan “Measat Satellite Systems” şirkəti arasında ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°Ş orbital mövqeyə çıxarılmasına dair razılaşma əldə edildi. Telekommunikasiya peykinin hazırlanması məqsədilə elan edilmiş tenderin qalibi ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti və peykin orbitə buraxılması ilə bağlı raketdaşıyıcı şirkətin seçilməsi ilə bağlı tenderin qalibi isə Fransanın “Arianespace” şirkəti seçildi.

Azərbaycan Respublikasının telekommunikasiya peyklərinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə “Azərkosmos” ASC təsis edildi.

“Azərkosmos” 2014-cü ildə dekabr ayından etibarən Azərbaycan və Fransa arasındakı strateji əməkdaşlıq çərçivəsində imzalanan müqaviləyə əsasən Azərbaycanın sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykini təhvil aldı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 oktyabr 2017-ci il tarixində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli sərəncamında dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, sərəncamda “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində” sözləri “Azərbaycan Respublikasının” sözləri ilə əvəz edilib.