“Azerspace-1” peykinin kommersiya fəaliyyətinə başlaması ilə bağlı “New Paku Post” qəzetinə müsahibə

Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1”in resurslarından istifadə edilməsinə başlanıb. Bu və digər məsələlərlə bağlı suallarımızı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında “Azərkosmos” ASC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Nigar Mədətli cavablandırır: – İndiyə qədər Milli Peykin tutumlarının neçə faizi realizə olunub? “Azərkosmos” ASC-nin tərəfdaşları hansı ölkələrin peyk operatorlarıdır? – Əlamətdar haldır ki, hələ “Azerspace-1” peyki orbitə buraxılmamış onun tutumlarının 44%-i uzunmüddətli icarə razılaşması əsasında satılıb. Belə ki, hazırda peykin faydalı yük tutumunun 1 transponderi test yayımındadır, 16 transponder isə Şimali Afrika üzrə fəaliyyətdədir. Azərbaycanın daxili ehtiyacları üçün peykin tutumlarının yalnız 20%-i istifadə olunur. Tutumların qalan hissəsinin xarici bazarlarda satışına dair araşdırmalar aparılıb, təkliflər qəbul olunub və artıq bəzi razılaşmalar əldə edilib. Hazırda “Azərkosmos” ASC THALES ALENIA, MEASAT, Ukrkosmos, İntersputnik, Astrium, Yahsat, SES, Intelsat, EshailSat kimi bir sıra tanınmış peyk operatorları ilə sıx əməkdaşlıq etməkdə, o cümlədən Vicus Luxlink, STMi, iDirect, Hughes, Newtec kimi peyk xidməti həlləri tədarükçüləri ilə yaxından işləməkdədr. – Milli Peyk layihəsinin reallaşdırılmasına görə çəkilmiş 230 milyon ABŞ dollarından artıq xərcin hansı hissəsi bu ilin sonuna kimi ödəniləcək? – Həmin məbləğin 121,7 milyon dolları peykin hazırlanmasına, 93,8 milyon dolları onun orbitə çıxarılmasına, 17,5 milyon dolları isə sığortalanmasına sərf olunub. Hazırda geniş marketinq tədbirləri həyata keçirilir və potensial müştərilərlə danışıqlar aparılır. Bununla belə, beynəlxalq təcrübə göstərir ki, peyk tutumlarının tam satılması üçün təqribən 1,5-2 il vaxt tələb olunur. Bu baxımdan, ilkin olaraq xərclərin hansı hissəsinin ilin sonuna qədər ödəniləcəyini proqnozlaşdırmaq çətin olsa da, 15%-lik hissənin geri qaytarılması hədəf kimi təyin edilib. Peyk layihəsinin iqtisadi cəhətdən səmərəli olmasına gəldikdə isə, son illərin tendensiyası göstərir ki, innovativ və texnoloji cəhətdən inkişaf etmiş peyk sənayesi dünya üzrə ən səmərəli və gəlirli biznes sahələrindən birinə çevrilib. Avropa Peyk Operatorları Assosiasiyasının məlumatlarına əsasən, peyk sənayesinə yatırılan hər 1 avro dövlət vəsaiti birbaşa və ya dolayı formada 47 avro gəlir gətirir. Peyk Sənayesi Assosiasiyasının təqdim etdiyi statistikaya əsasən, 2011-ci ildə dünya üzrə peyk sənayesinin gəlirləri 177,3 milyard dolları olub. Son 5 ildə Dünya Peyk Sənayesinin gəlirləri davamlı olaraq artıb və bu artım dünya maliyyə böhranına rəğmən hər il orta hesabla 9% təşkil edib. Bir çox ölkələr və iri transmilli şirkətlər məhz mənfəət əldə etmək üçün bu sahəyə milyardlarla dollar məbləğində investisiyalar qoyur. Dünyada çoxsaylı peyklərə malik ölkələr və şirkətlər çoxdur. Ancaq, son illərdə bütün qitələrdə regional müstəvidə fəaliyyət göstərən operatorların çoxalması tendensiyası müşahidə olunmaqdadır. “Azərkosmos” kimi regional operatorların çoxalma tendensiyası və gəlir əldə edərək uğur qazanması müştərilərə coğrafi yaxınlıq, dil faktoru üstünlüyü, biznesin idarə olunmasının çevikliyi, iri şirkətlərin diqqət mərkəzində olmayan bölgələrdə peyk xidmətlərinə yaranan tələbatın aktuallaşması və digər bu kimi amillərlə bağlıdır. – “Azərkosmos” ASC-nin səhmlərinin hansısa hissəsinin gələcəkdə fiziki və hüquqi şəxslərə satılması gözlənilirmi? – Azərkosmos” ASC-nin tək səhmdarı dövlətdir və şirkət olaraq bu suala cavab verə bilmirik. Bununla belə, gələcəkdə səhmlərin açıq bazara satışa çıxarılması mümkündür. – Azərbaycanda fəaliyyət göstərən televiziya kanallarının Milli Peyklə yayımını ləngidən nədir? Bu məsələ reallaşandan sonra sadə vətəndaşlar yerli telekanallara baxmaq üçün hansı texniki işləri görməli olacaq? – Yerli televiziya şirkətlərinin ən qabaqcıl peyk texnologiyaları ilə təmin edilməsi məqsədilə inteqrasiya məsələləri üzrə aparılan işlər başa çatıb. Demək olar ki, bu kanalların Azərbaycan peykinin resurslarında yerləşdirilməsi üzrə bütün texniki işlər yekunlaşıb. Bu yaxınlarda teleradio kanalları ilə müqavilələrin bağlanması gözlənilir və beləliklə, yerli telekanalların Milli Peyk üzərindən yayımı gerçəkləşəcək. “Azerspace-1” peykinin texniki imkanları yerli televiziya və radio kanallarına bir çox üstünlüklər vəd edir. Belə ki, yerli kanallar paket şəklində öz peykimizdən yayımlandığı zaman sıxışdırma texnologiyası istifadə olunacağından kanallar daha az peyk tutumu almaqla həm daha əlverişli, həm də daha keyfiyyətli yayım imkanına malik olacaq. “Azerspace-1” peyki üzərindən yayımın keyfiyyətini təyin edən digər əsas amil isə, peykin Azərbaycanın əhatə dairəsində güclü siqnal ötürücülük səviyyəsinə malik olmasıdır. Beləliklə, yerli kanallar inkişaf etmiş texnoloji dizayna və geniş qoşulma imkanlarına sahib olan “Azerspace-1” peykinə qoşulmaqla daha keyfiyyətli yayım xidmətləri göstərə biləcək. “Azerspace-1” peyki orbital mövqe olaraq 46 dərəcə Şərq uzunluğunda yerləşdiyindən Azərbaycanda hazırda istifadə edilən əksər antenalardan öz peykimizin yayımını izləmək üçün də istifadə oluna biləcək. Bunun üçün lazım olan texniki avadanlıq dəyişməz qalır. Belə ki, ölkənin əksər ərazisində 60 sm ölçülü antena peykimizin yayım xidmətlərindən istifadə etmək üçün kifayətdir. Yayımın qəbulu üçün qəbuledici antena qurğusuna əlavə olaraq, yalnız rəqəmli peyk qəbuledicisinə və müvafiq görüntü kartına (şifrəsiz yayımlanan kanallar üçün ehtiyac yoxdur) ehtiyac var. Tezliklər barədə məlumatlar isə yaxın vaxtlarda açıqlanacaq. Mənbə: http://bakupost.az/iqtisadiyyat/20130518110130937.html