Azərbaycan Respublikasının Kosmik Agentliyi olaraq sülh və rifah naminə yüksək texnologiyalara əsaslanan fərdi həllər təqdim edirik. Qlobal miqyasda rabitə şəbəkəsini təmin etmək, istedadlar yetişdirmək, regional kosmik mərkəz kimi xidmət göstərmək və Azərbaycanda kosmik sənayenin inkişafına töhfə vermək fəaliyyətimizin prioritet istiqamətləridir.
Azərbaycanın kosmik sənayesinin gənc olmasına baxmayaraq, ölkəmizdə kosmik fəaliyyətin tarixi XIII əsrə gedib çıxır.
Biz proqram təminatının inkişafı, süni intellekt, aerokosmik mühəndislik və robototexnika kimi sahələrdə ixtisaslaşan parlaq zehinləri bir araya gətirərək tədqiqat və inkişaf fəaliyyətimiz vasitəsilə elmi-texniki tərəqqiyə töhfə veririk.
Korporativ məsuliyyətimiz kosmos sahəsində istedadlı kadrların hazırlanmasına və inkişafına töhfə vermək, innovativ kosmik ekosistemi idarə etmək, gənclər arasında liderlik, komanda işi və yaradıcılığı təşviq etmək, cəmiyyətin rifahını artırmaq və digər bu kimi məqsədlər ətrafında qurulub.
Fəaliyyətimiz ərzində müxtəlif ölkələrin kosmik təşkilat və agentlikləri ilə sıx əlaqələr quraraq bu sahədə beynəlxalq əməkdaşlığı dəstəkləyirik. Biz həmçinin kosmos sahəsində ən nüfuzlu beynəlxalq tədbir olan Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakıda keçirilməsini təmin edərək böyük bir nailiyyətə imza atmışıq.