Xidmət və həllərimizi davamlı olaraq optimallaşdırmaqla, eyni zamanda çevikliyi və təbii dəyişikliyi qəbul etməklə, Azərbaycan gəncləri arasında yüksək texnologiyalar və kosmosla bağlı bilik və bacarıqların daha səmərəli təşviq olunmasına kömək edirik. Bu istiqamətdə tərəfimizdən həyata keçirilən innovativ müsabiqələr və startap layihələri davamlı olaraq böyüyən kosmik icmamıza töhfə verir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə təşkil edilən CanSat Azərbaycan layihəsi hər il universitet tələbələri arasında keçirilən model peyk müsabiqəsidir. Müsabiqə əsasən ölkənin gənc nəsli arasında kosmik sənayeni təbliğ etmək və bu sahədə insan kapitalının inkişafına təkan vermək üçün nəzərdə tutulub. İştirakçı komandalar kiçik peyk modelinin dizaynı, tərtib edilməsi və funksiyalarının həyata keçirilməsi üzrə yarışır.
NewSpace Biznes Akselerator Proqramı Azərbaycanda sahibkarlıq ekosisteminin inkişafına təkan vermək məqsədilə irəli sürülən bir təşəbbüsdür. Bu proqram kosmik sənaye ilə bağlı ideya və məhsul təklif edən startapları müəyyən etmək, onları davamlı biznesə çevirmək və bazara çıxış əldə etmək üçün lazımi dəstək və resurslarla təmin etmək məqsədi daşıyır.
NASA Space Apps 150-dən çox ölkədən kosmos icmalarını birləşdirən, dünyanın müxtəlif ölkələrində 48 saat davam edən beynəlxalq hakatondur. Komandalar NASA-nın təqdim etdiyi məlumatlara əsaslanaraq müxtəlif sosial, iqtisadi, ekoloji və digər problemlər üçün innovativ həllərin yaradılması üzərində işləyirlər. Azərbaycanda ilk dəfə 2019-cu ildə keçirilən bu hakaton müxtəlif təhsil müəssisələri, dövlət təşkilatları və özəl şirkətləri təmsil edən 50-yə yaxın komandanı bir araya gətirmişdir.
ActInSpace kosmik sənayedə sahibkarlığı, startapların yaradılmasını, kosmik texnologiya və məlumatlardan istifadəni təşviq etmək məqsədi daşıyan beynəlxalq innovasiya müsabiqəsidir. Bu hakaton tələbələr, tədqiqatçılar və kosmik sahəyə marağı olan hər kəsi bir araya gətirir.