ELM VƏ TƏHSİL ÜZRƏ TƏŞƏBBÜSLƏRİMİZ

Bizim təhsil layihələrimiz gənclər arasında kosmosu təşviq etmək və kosmosla bağlı layihələrin həyata keçirilməsi üçün bilik, bacarıq və təcrübələrin yayılmasına kömək etmək məqsədi daşıyır. Prioritetlərimizdən biri olan təhsil kosmik sənayedə gələcək istedadların yetişdirilməsinin əsas komponentlərindən biridir.

VEBİNARLAR

Gənclərin kosmos sahəsi barədə maarifləndirilməsi həmişə əsas prioritetlərimizdən biri olub. Biz davamlı olaraq kosmosla bağlı mövzular ətrafında vebinarlar, seminarlar və digər onlayn tədbirlər təşkil edirik. Bu tədbirlər çərçivəsində mütəxəssislərimiz tələbələr üçün orbit və peyklərin iş prinsipi, süni intellekt, robototexnika və "Big Data" (Böyük verilənlər) kimi müxtəlif mövzularda onlayn mühazirələr keçirir.

TƏLƏBƏLƏR ÜÇÜN EKSKURSİYALAR

Ölkəmizdə kosmosun inkişafı haqqında məlumatlılığı artırmaq və gəncləri öyrənməyə həvəsləndirmək məqsədilə məktəblilər, eləcə də bakalavr və magistr tələbələri üçün tez-tez interaktiv ekskursiyalar təşkil edirik. Biz onları Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzimizə aparır və iştirakçılara Azərkosmosun tarixi, Azərbaycanda kosmik sənayenin inkişafı, peyklərimizin istehsalı, orbitə buraxılması və fəaliyyəti barədə məlumat veririk. Onlar həmçinin peyklərin real həyatda necə idarə olunduğunu görmək şansı əldə edirlər. Ekskursiyalarımıza qoşulmaq istəyirsinizsə, Fidan Behbudova ilə fidan.behbudova@azercosmos.az və ya +994125650055 (daxili 216) vasitəsilə əlaqə saxlaya bilərsiniz.