ÜMUMDÜNYA KOSMOS HƏFTƏSİ HAQQINDA

Hər il 4-10 oktyabr tarixləri Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunur. BMT-nin Baş Assambleyasının bəyannaməsinə əsasən ilk dəfə 2000-ci ildə başladılan bu ənənəyə uyğun olaraq, bir həftə ərzində dünyanın müxtəlif ölkələrində eyni anda kosmik qurumlar və digər tərəfdaşlar tərəfindən fərqli tədbirlər həyata keçirilir, qlobal kosmik sənayedə baş verən irəliləyişlərin müxtəlif sahələrə göstərdiyi müsbət təsiri vurğulanır. 2022-ci ildə Həftə "Kosmos və Dayanıqlılıq" mövzusu altında keçirilmişdir. Tədbirin başlanğıc və son tarixləri isə təsadüfən seçilməmişdir. Belə ki, 4 oktyabr, 1957-ci il tarixində Yerin ilk süni peyki – Sputnik 1 orbitə buraxılmışdır. 10 oktyabr, 1967-ci il tarixində isə beynəlxalq kosmik hüququn əsasını təşkil edən Xarici Kosmos Müqaviləsi imzalanmışdır.

NİYƏ İŞTİRAK EDİRİK?

Qlobal kosmik sənayenin nailiyyətlərini qeyd etmək, eləcə də müxtəlif tərəfdaşların bu sahəyə marağını təmin edib gücləndirmək əsas hədəflərimizdən biridir. Bu məqsədlə, dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən tərəfdaşlarımıza qoşularaq Ümumdünya Kosmos Həftəsində iştirak edirik. Bir həftə davam edən silsilə tədbirlər çərçivəsində sual-cavab, eləcə də universitet tələbələri ilə müxtəlif mövzulara həsr olunmuş info sessiyalar, netvörkinq və digər tədbirlər keçirilir.