SÜNİ İNTELLEKT ÜZRƏ FƏALİYYƏTİMİZ

Müasir texnologiyalar tez və dəqiq qərarlar qəbul etməyə imkan yaratdığından təsvirlərin işlənməsi və məlumatların toplanmasının avtomatlaşdırılmasına xüsusi diqqət yetiririk. Bu gün biz peyk təsvirlərinin emalı, obyektlərin identifikasiyası və dəyişikliklərin aşkarlanması üçün ən son texnologiyaların, xüsusilə süni intellektin, neyron şəbəkələrinin və maşın öyrənməsinin tətbiqi sahəsində araşdırmalar aparırıq.

İSTİXANALARIN AŞKARLANMASI

Bu layihə dərin öyrənmənin müasir seqmentləşdirmə alqoritmlərindən və təsvirlərin geniş çeşidli emal üsullarından istifadə etməklə həyata keçirilmişdir. Belə ki, bu model təsvirlər vasitəsilə 93%-dən çox dəqiqliklə istixanaların müəyyən edildiyi və lokallaşdırıldığı seqmentasiya xəritəsini yaradır.

TERRANET PLATFORMASI

Tədqiqat və İnkişaf Mərkəzimizin mütəxəssisləri tərəfindən hazırlanmış Terranet platforması istifadəçilərə şəkilləri sistemə yükləyib məlumatları ixrac etməklə peyk görüntülərindəki obyektləri müəyyən etməyə imkan verir. Bu istiqamətdə nəzərdə tutulan gələcək planlara gəmi, təyyarə, əkin sahələri və real vaxt rejimində hərəkət edən obyektlərin dinamikasının müəyyən edilməsində süni intellektin tətbiqi daxildir.