“Azərkosmos” ASC İSO 27001 sertifikatına layiq görülüb

Bakı, 11 dekabr 2017 – “Azərkosmos” ASC beynəlxalq sertifikasiya üzrə aparıcı qurum sayılan “Bureau Veritas” tərəfindən keçirilən sertifikatlaşdırma auditinin nəticələrinə əsasən İnformasiya Təhlükəsizliyi Standartı – ISO 27001 sertifikatına layiq görülüb.

Azərkosmos, İSO 27001 sertifikatı ilə informasiyanın yüksək etibarlı səviyyədə mübadiləsi, qorunması və təhlükəsizliyinin təmin edilməsi standartlarını daha da təkmilləşdirəcək.

Hazırda Azərkosmosun yerüstü peyk idarəetmə mərkəzlərində peyklərin idarəedilməsi müasir avadanlıq və proqram təminatı vasitəsilə həyata keçirilir. Belə ki, beynəlxalq İSO 27001 sertifikasiyasının tələblərinin tətbiq ediməsi peyklərin idarə olunması prosesinin təhlükəsizliyinin də artırılmasına xidmət edəcək.

İSO 27001 sertifikatı bütün növ təşkilatlarda informasiya təhlükəsizliyinin idarə olunmasına dair strategiyanın hazırlanması, bu sahədə öhdəlik və vəzifələrin bölüşdürülməsi ilə bağlı tələblərin müəyyən edilməsi, şirkətin strateji məlumatları, həmçinin dövlət və kommersiya sirrini təşkil edən məlumatların qorunması etalonunu müəyyən edir.

Həmçinin qeyd edək ki, 2013-cü ildən etibarən Azərkosmosda ISO 9001 Keyfiyyət İdarəetmə standartı da tətbiq edilir.

“Azərkosmos” ASC haqqında

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli  Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.