“Azərkosmos” ASC-nin nümayəndə heyəti Tacikistanın Düşənbə şəhərinə işgüzar səfər edib

Bakı, 14 dekabr 2017 – “Azərkosmos” ASC-nin nümayəndə heyəti 4-6 dekabr 2017-ci il tarixində Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Yerin məsafədən müşahidə peyklərinin imkanları və məsafədən zondlama həllərinə dair seminar”da iştirak edib.

Seminar çərçivəsində nümayəndə heyəti Tacikistan Respublikasınn Kənd Təsərrüfatı Nazirliyi, Torpaq və Geodeziya komitəsi, Ətraf Mühitin Mühafizəsi Komitəsi, Dövlət Torpaq Komitəsinin “Fazo” layihə və tədqiqat institutu, Geologiya Baş İdarəsi, Meşə Təsərrüfatı Agentliyi, Meliorasiya və İrriqasiya Agentliyi, Rabitə Administrasiyasının nümayəndələrinin iştirakı ilə ikitərəfli görüşlər keçirib.

Görüşlərdə “Azersky” peykinin tətbiq sahələri və imkanları, Azərkosmos tərəfindən Yer Səthinin Məsafədən Müşahidəsi sahəsi üzrə həyata keçirilən layihələr haqqında iştirakçılara məlumat verilib.

Həmçinin, Tacikistanın dövlət qurumlarının aktiv layihələrinin “Azersky” peykinin imkanlarından istifadə olunmaqla icrasına və qurumlar arasında ikitərəfli əlaqələrin qurulmasına dair geniş müzakirələr aparılıb.

“Azərkosmos” ASC haqqında

Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli  Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı “www.azercosmos.com”  internet səhifəsindən ala bilərsiniz.