Azərkosmos” ASC-nin nümayəndə heyəti Afrikanın Əddis-Əbəbə şəhərinə işgüzar səfər edib

Bakı, 29 noyabr 2017 – “Azərkosmos” ASC-nin nümayəndə heyəti 23-24 noyabr 2017-ci il tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən Afrika İttifaqının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitəsinin ikinci iclasında iştirak edib. Nümayəndə heyəti iclas zamanı Afrika İttifaqı Komissiyasının İnfrastruktur və Enerji üzrə komissarı xanım Amani Abu-Zeyd, Konqo Demokratik Respublikasının Poçt, Telekommunikasiya və Yeni İnformasiya Texnologiyaları naziri Emery Okundji Ndjovu, Sudanın Kommunikasiya və İnformasiya Texnologiyaları naziri xanım Tahani Abdalla Attia, Efiopiyanın Elm və Texnologiyalar üzrə Dövlət naziri Şumeta Gizav və bu ölkənin Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə Dövlət naziri Getaço Neqaş Tekla, Qananın Kommunikasiya nazirinin müavini Corc Andah, Cənubi Afrika Respublikasının Telekommunikasiya və Poçt Xidmətləri Departamentinin baş direktoru Robert Nkuna və Efiopiyanın rabitə və telekommunikasiya şirkəti “Ethiotelecom”un baş direktoru Andualem Admassi ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri haqqında ətraflı məlumatlar verilib və bu peyklərin Afrika qitəsini əhatə etməklə, regionda yüksək keyfiyyətli peyk xidmətlərini təklif edə biləcəyi imkanlarından bəhs olunub. Tədbir çərçivəsində Azərkosmosun nümayəndəsi Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə İxtisaslaşmış Komitənin Ekspertlər sessiyası zamanı təqdimatla çıxış edərək Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurlar, o cümlədən Azərkosmosun fəaliyyəti haqqında sessiya iştirakçılarını məlumatlandırıb. “Azərkosmos” ASC haqqında Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı “www.azercosmos.com” internet səhifəsindən ala bilərsiniz.