Azərkosmos tələbələr arasında rəsm müsabiqəsi keçirmişdir

“Azərkosmos” ASC Rəssamlıq Akademiyası və Memarlıq və İnşaat Universitetinin tələbələri arasında kosmik sahəyə dair ideyaları özündə əks etdirən abstrakt təsviri rəsm əsərləri və bu kimi təsvirlərin müasir qrafika və digər sənət nümunələri ilə sintez halında dizaynları üzrə müsabiqə keçirmişdir. Doqquz nominasiya üzrə keçirilən müsabiqəyə təqdim olunan çoxsaylı rəsmlərdə Azərbaycanın tarixi irsi və mədəniyyəti kosmik sahə ilə əlaqədə əks etdirilmişdir. Bu əsərlərdə Azərbaycana aid müxtəlif sənət nümunələrində tarixən müraciət olunan səma cisimləri və kainat mövzusundan çıxarışlara da rast gəlinir. Müsabiqədə əsas yerləri “Kainat şəbəkəsi”, “Kainatın ilmələri”, “Elmin dəyəri”, “Kosmik baxış”, “”Üfüqdən doğan kainat”, “Yüksəliş” adlı rəsmlər tutmuşdur. Qalib seçilən rəsmlər “Azərkosmos” ASC-nin inzibati binasında nümayiş etdirilir. Azərbaycanda yeni təşəkkül tapmaqda olan kosmik sahə ilə bağlı tələbələr arasında müsabiqə keçirməkdə “Azərkosmos” ASC-nin əsas məqsədi, istedadlı tələbələrin rəssamlıq bacarıqlarının inkişaf etdirilməsi işinə töhfə vermək, eyni zamanda gənclər arasında sahə üzrə ümumi məlumatlılığı artırmağa xidmət etməkdir.