
Azərkosmos 13–15 may tarixlərində Dubay (BƏƏ) şəhərində keçirilən “SATExpo 2025” sərgisində öz stendi ilə iştirak edir. Peyk və yayım sənayesinin qabaqcıl tədbirlərindən olan bu sərgidə Azərkosmos ölkəmizin telekommunikasiya sahəsindəki nailiyyətlərini və xidmət potensialını nümayiş etdirir.
“SATExpo 2025” çərçivəsində Azərkosmosun gündəliyində bir sıra mövzular yer alır. Bunlara Afrika regionunda on illik uğurlu fəaliyyətin təqdimatı, Azconnexus xidmətləri üzrə ən son yeniliklər və Bakı Teleportunun geniş xidmət spektrinin nümayişi daxildir. Bununla yanaşı, sərgi müddətində müxtəlif yayım şirkətləri və peyk operatorları ilə yeni əməkdaşlıqların qurulması istiqamətində müzakirələr aparılması da nəzərdə tutulur.
“SATExpo 2025” sərgisi, iştirakçılara həm əməkdaşlıq imkanlarını genişləndirmək, həm də kosmik sənayenin yeni trendləri ilə yaxından tanış olmaq üçün unikal platforma təqdim edir. Bu ilki sərgidə 120-dən çox ölkədən 450-dən artıq şirkət və 18,000-dən çox iştirakçı qatılıb.
Azərkosmos üçün bu tədbirdə iştirak, Azərbaycanın kosmik səhəsinin beynəlxalq miqyasda tanıdılması və regional tərəfdaşlıqların daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərkosmosun stendi məşhur memar Zaha Hadidin layihləşdirdiyi Heydər Əliyev Mərkəzinin konsepsiyasına istinadən dizayn edilib.
Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.