“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsi 2022-ci ilin yekunlarına dair maliyyə nəticələrini açıqlayıb. Belə ki, maliyyə nəticələrini əks etdirən hesabata əsasən Azərkosmos 2022-ci ili mənfəətlə başa vurub. Agentliyin ümumi mənfəəti 4.4 milyon manat, xalis mənfəəti isə 1.4 milyon manat olub.
Ümumilikdə, Azərkosmosun gəlirlərinin əsas hissəsi peyk xidmətlərinin ixracından formalaşır. Azərkosmos dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə ilk sıralardadır. 2022-ci ildə agentliyin “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri üzrə ixrac portfelini əsasən Böyük Britaniya, Fransa, Lüksemburq, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan kimi ölkələrin qabaqcıl şirkətləri təşkil edib. Bu isə öz növbəsində bir tərəfdən Azərkosmosun likvidliyinin güclənməsinə təsir edir, digər tərəfdən isə ölkəyə stabil xarici valyuta axınını təmin edir. Həmçinin Azərkosmosun likvidlik əmsalı 2021-ci ilə nisbətdə 2022-ci ildə artaraq 1.14 (2021-ci il üzrə likvidlik əmsalı: 0.29 ) olub. Agentlik 2022-ci il ərzində qısamüddətli maliyyə öhdəliklərini yerinə yetirəbilmə qabiliyyətinin səmərəli istifadəsinə nail olub.
2022-ci maliyyə ili ərzində Azərkosmos üçün ən vacib məqamlardan biri də agentliyin “BNP Paribas” bankı qarşısında olan kredit öhdəliklərinin yekunlaşmasıdır. Belə ki, “Azerspace-1” peykinin istehsalı üçün ABŞ-ın “Orbital Sciences” korporasiyasına ödənişlərin maliyyələşdirilməsi məqsədilə ABŞ-ın İxrac-İdxal Bankı ilə əməkdaşlıq edilərək 2011-ci ildə kredit sazişi imzalanıb və ümumi məbləği 116.6 milyon ABŞ dolları olan kredit əldə edilib. 2013-2022-ci illər ərzində kredit ödənişləri heç bir gecikmə olmadan vaxtlı-vaxtında icra edilib. Kredit borcu üzrə son ödəniş 2022-ci ilin dekabr ayında həyata keçirilib və kredit sazişi üzrə öhdəliklər tamamilə bağlanıb.
Azərkosmosun ümumi öhdəlikləri 2022-ci ilin sonunda 2021-ci ilə nisbətdə 159.7 milyon manat və ya 30% azalaraq 362.1 milyon manata düşüb. Azərkosmosun öhdəlikləri əsasən peyk layihələri ilə bağlı götürülmüş kreditlərdir. Bu kreditlər peyk xidmətlərindən əldə edilən gəlirlər hesabına vaxtlı-vaxtında geri ödənilir.
Qeyd edək ki, Azərkosmosun 2022-ci ilin yekunları üzrə dərc olunmuş maliyyə hesabatları “Baker Tilly Audit Azərbaycan” QSC audit şirkətinin Azərbaycan nümayəndəliyi tərəfindən müstəqil auditor rəyi alıb.
Bizimlə əlaqə
Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.