
9 oktyabr tarixində Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində növbəti Beynəlxalq Kosmik Olimpiadanın rəsmi açılış mərasimi baş tutub. Tədbir Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi və İsrail Kosmik Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Artıq 25 ildən çoxdur təşkil olunan Beynəlxalq Kosmik Olimpiada minlərlə gəncin elmə, texnologiyaya, xüsusilə də kosmos sahəsinə marağını artırmaqla onların yaradıcılıq və analitik bacarıqlarını inkişaf etdirməyə töhfə verir. İlk dəfə 2000-ci ildə Təl-Əviv şəhərində keçirilən Olimpiada bu gün dünyanın müxtəlif ölkələrindən məktəbliləri bir araya gətirərək elmi əməkdaşlıq, texnoloji yaradıcılıq və beynəlxalq dostluq üçün əhəmiyyətli bir platforma rolunu oynayır.
Beynəlxalq Kosmik Olimpiada 3 əsas pedaqoji yanaşma - (1) İdarəolunan Kəşf və Öyrənmə (GDL), (2) Problembazlı Tədris (PBL), (3) Hesablama Təfəkkürü (CT) vasitəsilə məktəblilərin bacarıqlarını inkişaf etdirir.
Olimpiada dörd əsas seçim mərhələsindən ibarətdir. Birinci və ikinci mərhələlər hibrid formada - həm canlı məkanda, həm də onlayn təqdim olunur. Üçüncü mərhələ regional müsabiqə kimi keçirilir. Bu mərhələdə uğur qazanan məktəblilər dördüncü və final mərhələsi olan milli finala yüksəlirlər. Üçüncü və dördüncü mərhələlər, eyni zamanda, şagirdlərin bir araya gəldiyi və digər komandaların kosmik elmi layihələrini nəzərdən keçirdikləri interaktiv platforma funksiyasını daşıyır.
2025–2026-cı tədris ili üzrə keçirilən Olimpiadanın mövzusu “Artemis – Bəşəriyyətin Kosmosa Səyahəti” adlanır. NASA-nın Artemis proqramından ilhamlanan bu mövzu çərçivəsində məktəblilər gələcəyin kosmik infrastrukturunun planlaşdırılması, araşdırılması və inşası üçün innovativ həllər üzərində işləyəcəklər. Onlar uzaq kosmik səyahətləri müşayiət edən əsas problemlərə yaradıcı yanaşmalar tətbiq edəcək, araşdırdıqları infrastrukturun və onun komponentlərinin modellərini hazırlayaraq təqdim edəcəklər.
Qeyd edək ki, 2024–2025-ci tədris ili üzrə keçirilmiş Olimpiadanın Milli mərhələsinin qalibi Akademik Zərifə Əliyeva adına liseyin məktəbli komandası beynəlxalq mərhələdə 500 məktəb və 11000 iştirakçı arasında 2-ci yerə layiq görülüb.
Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.