
Kosmos sahəsində istedadlı kadrların hazırlanmasına və inkişafına töhfə vermək, innovativ kosmik ekosistem yaratmaq, o cümlədən gənclər arasında liderlik, komanda işi və yaradıcılığı təşviq etmək məqsədilə müxtəlif maarifləndirmə layihələrinin təşkil edilməsi, həmçinin müstəqil layihələrin dəstəklənməsi əsas fəaliyyət istiqamətlərimizdəndir.

CanSat Azərbaycan müsabiqəsi ali təhsil müəssisələrinin tələbələri arasında kosmik sahəyə marağın artırılması, bu sahədə fundamental bilik və bacarıqlar formalaşdıraraq yerli kadrların yetişdirilməsi məqsədilə təşkil edilir. Müsabiqədə gənclərin qarşısına qoyulan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma kimi mühəndislik istiqamətləri üzrə nəzəri biliklərin əldə olunub təcrübədə tətbiqi və təkmilləşdirilməsinə şərait yaradır. Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə enərkən təyin olunmuş missiyanı yerinə yetirir.

2016-cı ildən etibarən tərəfimizdən keçirilən müsabiqənin əsas məqsədi ölkəmizdə elmi fəaliyyəti təşviq etmək, sosial-iqtisadi inkişafı dəstəkləmək, eyni zamanda Yerin müşahidəsi xidmət və həllərinin müxtəlif sahələrdə tətbiq potensialını tanıtmaqdan ibarətdir. Müsabiqədə 18 yaşdan yuxarı, elmi tədqiqatla məşğul olan hər kəsin iştirak etmə şansı var. İştirakçıların işlədiyi sahə və təcrübəsi ilə bağlı xüsusi bir tələb yoxdur.

Gəncləri kosmik sektorda təhsil və karyera imkanları haqqında məlumatlandırmaq, onların bu sahəyə marağını artırmaq və gələcək peşəkarlar yetişdirmək məqsədilə Kosmik Nəsil Məsləhət Şurası ilə sıx əməkdaşlıq edirik. Müxtəlif tədbirlər və info sessiyalarda iştirak edərək bu təşkilata üzv olmaq şərtləri, mentorluq və təqaüd proqramları, həm Azərbaycan, həm də digər ölkələrdə keçirilən tədbirlərdə iştirak daxil olmaqla, bir çox fürsətlər haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Hər il 4-10 oktyabr tarixləri Ümumdünya Kosmos Həftəsi kimi qeyd olunur. BMT-nin Baş Assambleyasının bəyannaməsinə əsasən ilk dəfə 2000-ci ildə başladılan bu ənənəyə uyğun olaraq, bu bir həftə ərzində dünyanın müxtəlif ölkələrində eyni anda kosmik qurumlar və digər tərəfdaşlar tərəfindən fərqli tədbirlər həyata keçirilir. 2022-ci ildən ölkəmizdə Ümumdünya Kosmos Həftəsinin koordinasiyası çərçivəsində müvafiq auditoriyalar və mövzular üzrə kosmik sahəyə marağın artırılması, gənclərin maarifləndirilməsi, innovativ kosmik ekosistemin inkişaf etdirilməsi məqsədilə tərəfdaşlarımız ilə birlikdə ümumilikdə 50-ə yaxın tədbir keçirmişik.

ActInSpace kosmik sənayedə sahibkarlığı, startapların yaradılmasını, kosmik texnologiya və məlumatlardan istifadəni təşviq etmək məqsədi daşıyan beynəlxalq innovasiya müsabiqəsidir. Bu hakaton tələbələr, tədqiqatçılar və kosmik sahəyə marağı olan hər kəsi bir araya gətirir.

NASA Space Apps 150-dən çox ölkədən kosmos icmalarını birləşdirən, dünyanın müxtəlif yerlərində 48 saatdan çox davam edən beynəlxalq hakatondur. Komandalar NASA-nın təqdim etdiyi məlumatlara əsaslanaraq müxtəlif sosial, iqtisadi, ekoloji və digər problemlər üçün innovativ həllərin yaradılması üzərində işləyirlər. Azərbaycanda ilk dəfə 2019-cu ildə keçirilən bu hakaton müxtəlif təhsil müəssisələri, dövlət təşkilatları və özəl şirkətləri təmsil edən 50-yə yaxın komandanı bir araya gətirmişdir.

NewSpace Biznes Akselerator Proqramı Azərbaycanda sahibkarlıq ekosisteminin inkişafına təkan vermək məqsədilə irəli sürülən bir təşəbbüsdür. Bu proqram kosmik sənaye ilə bağlı ideya və məhsul təklif edən startapları müəyyən etmək, onları davamlı biznesə çevirmək və bazara çıxış əldə etmək üçün lazımi dəstək və resurslarla təmin etmək məqsədi daşıyır.

Gənclərin kosmos sahəsi barədə maarifləndirilməsi həmişə əsas prioritetlərimizdən biri olub. Biz davamlı olaraq kosmosla bağlı mövzular ətrafında vebinarlar, seminarlar və digər onlayn tədbirlər təşkil edirik. Bu tədbirlər çərçivəsində mütəxəssislərimiz tələbələr üçün orbit və peyklərin iş prinsipi, süni intellekt, robototexnika və elm və kosmos sahəsinə aid mövzularda onlayn mühazirələr keçirirlər.

Ölkəmizdə kosmik sahə haqqında məlumatlılığı artırmaq məqsədilə məktəblilər və tələbələr üçün interaktiv ekskursiyalar təşkil edirik. Biz onları Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzimizə aparır və iştirakçılara Azərkosmosun tarixi, Azərbaycanda kosmik sənayenin inkişafı, peyklərimizin istehsalı, orbitə buraxılması və fəaliyyəti barədə məlumat veririk. Onlar həmçinin peyklərin real həyatda necə idarə olunduğunu görmək şansı əldə edirlər. Ekskursiyalarımıza qoşulmaq üçün Səbinə Hacıyeva ilə “sabina.hajiyeva@azercosmos.az” e-poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Peşəkar komandamız sizi maraqlandıran sual və sorğularınıza cavab verməyə hər zaman hazırdır.